+994 12 497 01 33
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
Xəbərlər

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə 3–5 iyun 2026-cı il tarixlərində Almaniyanın Bremen Universitetinin professoru, tanınmış hüquqşünas alim Rolf Knieperin 85 illik yubileyinə həsr olunmuş beynəlxalq tədbir keçirilmişdir. Tədbirdə Bank Ombudsmanın (ABA) da daxil olduğu Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.

Nümayəndə heyətinin tərkibinə Bank Ombudsmanı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri İkram Kərimov, Bank Ombudsmanının Məsul katibi Elçin Həsənov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elçin Usub, Almaniya Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) Məhkəmə və hüquq islahatları layihəsinin Azərbaycan üzrə keçmiş Mİlli koordinatoru Aydın Süleymanlı və GTZ-nin Azərbaycan üzrə keçmiş hüquqşünası Şakir Səfərbəyov da daxil olmuşdur. Tədbirdə Almaniya, Gürcüstan, Azərbaycan, Qazaxıstan və digər ölkələri təmsil edən nüfuzlu alimlər, hüquqşünaslar və akademik dairələrin nümayəndələri iştirak etmişlər.

Professor Rolf Knieper müstəqillik dövründə Azərbaycanın hüquq sisteminin formalaşmasına mühüm töhfələr vermiş görkəmli alimlərdən biridir. O, Almaniya Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) MDB ölkələrində xüsusi hüququn inkişafına dair layihəsinin rəhbərlərindən biri kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin hazırlanmasında fəal iştirak etmiş, bu mühüm qanunvericilik aktlarının Avropa standartlarına uyğunlaşdırılması istiqamətində əhəmiyyətli rol oynamışdır. Həmçinin həmin qanun layihələrinin Avropa Şurasında müzakirəsi prosesində Azərbaycan tərəfinə yaxından dəstək göstərmişdir.

Bu əməkdaşlıq illəri ərzində professor Rolf Knieper ilə Azərbaycan hüquq ictimaiyyəti arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmimi dostluq münasibətləri formalaşmışdır. O, Azərbaycan nümayəndə heyətlərinin Almaniyaya səfərləri zamanı onların fəaliyyətini müşayiət etmiş, müasir Avropa hüquq sisteminin və məhkəmə təcrübəsinin öyrənilməsi istiqamətində dəyərli töhfələr vermişdir.

Professor Rolf Knieper yalnız Azərbaycanda deyil, həmçinin Qazaxıstan, Gürcüstan, Türkmənistan və digər ölkələrdə hüquqi islahatların həyata keçirilməsi, müasir qanunvericilik bazasının formalaşdırılması və hüquq sistemlərinin inkişafı sahəsində mühüm xidmətlər göstərmişdir. Məhz buna görə də o, müxtəlif ölkələrin hüquq ictimaiyyəti arasında böyük nüfuz və hörmət qazanmışdır. Bu günə qədər davam edən dostluq münasibətləri və peşəkar əlaqələr onun fəaliyyətinin ən dəyərli nəticələrindən biri hesab olunur.

Professorun yubileyinə həsr olunmuş tədbir təkcə görkəmli hüquqşünasın fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi deyil, eyni zamanda müxtəlif xalqlar arasında dostluğun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın əhəmiyyətini nümayiş etdirən mühüm beynəlxalq platforma olmuşdur.

Tədbirin diqqətçəkən məqamlarından biri də professor Rolf Knieperin 85 illik yubileyi münasibətilə müxtəlif ölkələrdən olan müəlliflərin 35 xatirə yazısını özündə birləşdirən xüsusi nəşrin təqdimatı olmuşdur. Nəşrdə Azərbaycan nümayəndə heyətinin üzvlərindən əməkdar hüquqşünas İkram Kərimovun və hüquqşünas Aydın Süleymanlının məqalələri də yer almışdır.

Tədbir çərçivəsində İkram Kərimov çıxış edərək professor Rolf Knieper ilə bağlı xatirələrini bölüşmüş, onun Azərbaycanın hüquq sisteminin inkişafındakı rolundan bəhs etmişdir. Həmçinin onun təşəbbüsü ilə nəfiz tərtibatda hazırlanmış “Xalqlar dostluğu: Azərbaycan – Gürcüstan – Almaniya” adlı xüsusi buklet tədbir iştirakçılarına təqdim edilmişdir.

Səfər günlərində daha bir əlamətdar hadisə baş vermişdir. Belə ki, Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki, Kaspi Universitetinin Mülki Hüquq İnstitutunun rəhbəri, hüquq elmləri doktoru, professor Maydan Süleymenova Tbilisi Dövlət Universitetinin “Fəxri doktor” adı təqdim edilmişdir. Beynəlxalq hüquq və arbitraj sahəsində böyük nüfuza malik olan, Qazaxıstanın enerji sektorunda bağlanmış mühüm beynəlxalq müqavilələrin hazırlanmasında iştirak etmiş və Azərbaycanla dostluq münasibətlərinə xüsusi önəm verən professor Maydan Süleymenovun bu yüksək ada layiq görülməsi tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkil etdiyi proqram əsasında nümayəndə heyəti Tbilisi şəhərində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini və onun adını daşıyan parkı ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşdur. Eyni zamanda, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin və görkəmli dövlət xadimi Nəriman Nərimanovun ev muzeyləri ziyarət edilmiş, Mirzə Fətəli Axundzadənin, Mirzə Şəfi Vazehin, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyskinin və Həsən bəy Ağayevin məzarları ehtiramla yad edilmişdir.

Azərbaycan nümayəndə heyəti səfərin yüksək səviyyədə təşkilinə və göstərilən diqqətə görə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri cənab Faiq Quliyevə dərin minnətdarlığını bildirir.

Tbilisidə keçirilən bu tədbir bir daha göstərdi ki, hüquq elmi və hüquqi əməkdaşlıq yalnız qanunların təkmilləşdirilməsinə deyil, eyni zamanda xalqlar arasında dostluq körpülərinin qurulmasına və möhkəmləndirilməsinə də xidmət edir.

BİZİMLƏ ƏLAQƏ
AZ1014, Bakı şəhəri, Səməd Vurğun küçəsi 43, World Business Center.
office@bankombudsman.az
+994 12 497 01 33 
 
XƏRİTƏDƏ GÖSTƏR
2026 © Bank Ombudsmanı | Bütün hüquqlar qorunur! | Marcom